BAKI, 20 iyun. TELEQRAF
Yumuşaq güc ölkənin mədəni, iqtisadi, siyasi, təhsil, hərbi və s gücünü dünyada təbliğ etməklə imic formalaşdırmaq siyasətidir. Hibrid müharibədən fərqli olaraq burada zorakılıq, sanksiya alətlərindən istifadə olunmur.
Yumşaq güc konsepsiyasının təməli 1990-cı illərdə amerikalı politoloq Cozef Nay tərəfindən qoyulub. O, bunu dövlətin istənilən xarici siyasət nəticələrinə məcburiyyət və təzyiq yolu ilə deyil, əksinə inandırma və xarici auditoriyanı cəlb etməklə nail olmaq qabiliyyəti kimi müəyyən etmişdir. Buna uyğun olaraq, bu konsepsiya əsasən üç elementdən ibarətdir: siyasət, dəyərlər və mədəniyyət. Mədəniyyət, siyasət, dəyərlər, ideoloji cazibə və digər rıçaqlardan istifadə etməklə dövlətlərin qərar və davranışlarına təsir göstərmək, onları yönləndirmək mümkündür.
Yumuşaq gücün arxasında həm də iqtisadi qüdrət dayanır. İnkişaf etmiş ölkələr təkcə məhsul yox, mədəniyyət də ixrac edirlər. İqtisadi gücü olmayan mədəniyyətin yayılmaq və qəbul edilmək potensialı da yoxdur. Təsadüfi deyil ki, bu gün dünyada Qərb həyat tərzi, iqtisadi və siyasi modelləri əsas meyar kimi qəbul olunur. Qərb mədəniyyəti zaman keçdikcə digər ölkələri, cəmiyyətləri “işğal edir”. Qloballaşan dünyada milli dəyərlərin, mədəniyyətin qorunub saxlanılması getdikcə daha da çətinləşir.
Yumşaq güc ilə hibrid müharibə fərqli anlayışlar olsa da, bəzən onların sərhədləri üst-üstə düşür. Hibrid müharibədən yumuşaq gücdən istifadə oluna bilər. Millətlərin mənəvi və əxlaqi təməllərini məhv etmək, milli dəyərləri qlobal, mahiyyət etibarilə yad və xarici dəyərlərlə əvəz etmək üçün yumuşaq gücdən də istifadə etmək olar, hibrid müharibədən də…
Millətlərin hər cür ehtiyaclarını ödəməklə, "istehlakçı cəmiyyəti" ideologiyası yaratmaqla ənənəvi dəyərlər tədricən sıxışdırılır. İctimai şüurun idarə olunması üçün narketinq siyasətindən məharətlə istifadə olunur. Marketinqin rolu istənilən sosial əhəmiyyətli innovativ dəyərləri və ya ideyaları adi insanlar, istehlakçılar və istifadəçilər tərəfindən asanlıqla qəbul edilən mürəkkəb sistemlərə çevirməkdir. Marketinq məhz bu şəkildə günbəgün yeni dəyərlər yaradır, istehlakçı cəmiyyətini formalaşdırır. Beləliklə, ictimai şüurun manipulyasiyası həm də marketinq texnikalarından istifadə etməklə baş verir. Yeri gəlmişkən, ABŞ tərəfindən fəal şəkildə təbliğ edilən qloballaşma ideologiyası da belə texnikalardan biridir.
Qloballaşma dünya miqyasında iqtisadi, siyasi, mədəni və dini inteqrasiya və birləşmə prosesidir. Qloballaşma periferik ölkələrin milli kimliyini və fərqliliyini sarsıdır, onları qlobal bazarlardan sıxışdırır, iqtisadi uçurumu genişləndirir.
Beləliklə, qloballaşma hibrid müharibənin başqa bir növünün - sivilizasiya müharibəsinin vacib bir komponenti kimi xidmət edir. Bu müharibənin məntiqi o deməkdir ki, fəth edilmiş dövlətin xalqı parçalanmalı, zəiflədilməli və qalibin iradəsini təvazökarlıqla yerinə yetirməyə məcbur edilməlidir. Bu vəzifələrin əksəriyyətini isə ənənəvi özünüdərk, əxlaq və dəyərlərin təhrif edilməsi yolu ilə informasiya texnologiyalarının köməyi ilə asanlıqla manipulyasiya edilə bilən bir kütləyə çevrilən insanlar özləri yerinə yetirməlidirlər.
İstehlakçı cəmiyyətlərdə yeniyetmələr və gənclər ünsiyyət üçün daha çox kommunikasiya texnologiyalarından istifadə edirlər. Kiberməkan insanların öz hisslərində, sözlərində və davranışlarında daha sərbəst hiss etdikləri bir mühit yaradır. Beləliklə, gənclər getdikcə virtual mühitdən asılı hala gəlirlər.
Qeyd etmək lazımdır ki, Çinin və ümumiyyətlə Asiya ölkələrinin yumşaq güc siyasəti Qərb siyasətindən bir qədər fərqlidir, çünki Şərq ölkələri üçün əsas məqsəd, ilk növbədə, adi insanların gözündə müsbət imic yaratmaqla yanaşı, onların mədəni və mənəvi kimliyini qorumaqdır, buna görə də onların yumşaq gücü ictimai və mədəni diplomatiya vasitəsilə reallaşdırılır.
Bundan əlavə, Çinin yumşaq gücü yalnız digər ölkələrin vətəndaşlarına deyil, həm də xaricdə yaşayan həmvətənlərinə yönəlib ki, onlar onun ideologiyasını bölüşsünlər və effektiv şəkildə Çinin təsir agentlərinə çevrilsinlər. Çinin yumşaq güc siyasətinin məqsədi həm mədəniyyətini xaricdə tanıtmaq, həm də onu ölkə daxilində qorumaqdır. Birincisi, dünyaya öz dəyərlərini tətbiq edən Qərbin yumşaq gücünə qarşı çıxmaq, ikincisi, doldurulmamış dəyər boşluğu dünyanın reifikasiyası ilə əlaqəli anti-dəyərlərin yayılmasına və beləliklə, ictimai şüurun transformasiyasına səbəb olur. Məsələn, bu məqsədlə Çin dünya səviyyəli filmlər istehsal edən Hollivud film şirkətlərinə böyük sərmayə qoyur. (məsələn, "Kunq Fu Panda" cizgi filmi).(Bax: https://azertag.az/xeber/abs_in_merkezi_asiyada_mohkemlenmesi_azerbaycan_uchun_hansi_perspektivler_ved_edir-3834271)
Yaponiya iqtisadi modelləri ilə özünü təbliğ edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrə münasibətdə Yaponiyanın "yumşaq gücünün" məqsədi milli biznesin maraqlarını təşviq etməkdir.
Etiraf edək ki, Azərbaycanın mədəniyyət məhsulları hələlik qlobal auditoriyaya çıxmır, dünya kinosunda, incəsənətdə, ədəbiyyat sferasında lazımi səviyyədə təmsil olunmuruq. Azərbaycan bu sahədə hətta qonşuları Türkiyə, Rusiya və İrandan geri qalır. Azərbaycanın yumşaq güc siyasəti əsasən idman və mədəni diplomatiya vasitəsilə tanıdılmağa söykənir. Buraya Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, müxtəlif mədəniyyət festivalları və beynəlxalq tədbirlər, idman yarışları daxildir. Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da (WUF13) Azərbaycanın mədəniyyətinin dünyaya təqdim olunmasında mühüm rol oynadı. Azərbaycan dövlətinin yumşaq güc siyasəti düşünülmüş, planlı şəkildə həyata keçirilir. Ölkəmizin dünyadakı mövqeyini möhkəmləndirıb mədəni diplomatiya həm də milli identikliyin beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Artıq bütün dünya Azərbaycanı həm regionda, həm də qlobal müstəvidə modern, sabit və mədəni irsə sahib potensiallı dövlət kimi qəbul edir.
Ölkələrin yumşaq gücünün əsaslana biləcəyi əsas element güclü mənəvi və ideoloji komponentlərin olmasıdır. Bu halda xarici yumşaq gücün də təsirindən qorunmaq mümkündür. Milli kimlik strateji sosial-siyasi sabitliyin, informasiya təhlükəsizliyinin təmin edilməsi və cəmiyyətin dəyər suverenliyinin qorunması üçün dövlətin ən vacib resursudur.
Milli kimliyin mükəmməlliyi mənəvi dəyərlərlə ölçülür. Bu isə insanda çox erkən yaşlarda formalaşır. Odur ki, təhsil sistemi təkcə tədris üçün deyil, həm də şəxsiyyətin tərbiyəsi və inkişafı üçün əhəmiyyətli rol oynayır. Gənclər üçün effektiv vətənpərvərlik tərbiyəsi sistemi yaratmaq, onlara mənəvi dəyərləri, Vətənə sevgini aşılamaq vacibdir. Eyni zamanda, bu günün reallıqlarını və cəmiyyətin özünün bu problemlərin həllində əsas rol oynamalı olduğunu nəzərə almaq vacibdir. Buna görə də, milli kimlik siyasəti istiqamətləri ilə uyğun gələn sosial təşəbbüslərin, ictimai hərəkatların və birliklərin dəstəklənməsinə daha çox diqqət yetirməlidir.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.