BAKI, 20 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya verilən Amerika silahlarına görə təxminən 350 milyard dollar ödəməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, Vaşinqton yaxınlığındakı Endryus aviabazasında çıxışı zamanı deyib ki, sələfi Co Baydenin administrasiyası Avropa müttəfiqlərindən bu xərclərin ödənilməsini tələb etməyib.
"Bayden Ukraynaya çox şey verdi. Bunun əvəzini ödəməlidirlər. Əslində bunu avropalılar ödəməli idi, amma onların belə planı yox idi. Heç kim onlardan pul istəməmişdi", - deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, ötən həftəsonu Avropa liderləri ilə görüşdə bu məsələni gündəmə gətirib.
"Onlara dedim ki, biz sizə təyyarələr, müxtəlif silahlar və başqa vasitələr şəklində 350 milyard dollarlıq dəstək vermişik. Soruşdum ki, niyə bunun əvəzini ödəmədiniz? Mənə cavab verdilər ki, heç kim bizdən bunu istəməmişdi. İndi isə Avropa ödəyir", - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin yayından etibarən Tramp administrasiyası Ukraynaya ABŞ silahlarının tədarükü üçün yeni mexanizm tətbiq edib. Həmin mexanizmə əsasən, bu silahların dəyəri ABŞ-nin NATO üzrə avropalı müttəfiqləri tərəfindən ödənilir.