BAKI, 20 iyun. TELEQRAF
Emmanuel Makron 2027-ci il prezident seçkilərindən əvvəl Fransa Milli Assambleyasını buraxmaq imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumatlı mənbəyə istinadən yazıb.
Nəşrin həmsöhbəti olan adı açıqlanmayan deputat bildirib ki, bu ssenari prezidentin bəzi nazirləri və müşavirləri ilə müzakirə olunub. Onun sözlərinə görə, belə addım Makronun varisinin parlament seçkilərinin vaxtını müstəqil müəyyənləşdirməsinin qarşısını almaq və hazırkı prezidentin siyasi proseslərə son ana qədər nəzarətini saxlamaq məqsədi daşıyır.
Mənbə iddia edib ki, bu halda Milli Assambleyaya və prezident postuna seçkilərin hər iki turu eyni tarixlərdə keçirilə bilər.
Adı açıqlanmayan digər hökumət müşaviri isə hesab edir ki, bu addım ifrat sağçı Milli Birlik partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün son vasitə kimi nəzərdən keçirilir. Lakin o, əksinə, bunun həmin partiyanın həm prezident postunu qazanmasına, həm də parlamentdə mütləq çoxluq əldə etməsinə şərait yarada biləcəyini düşünür.
Bununla yanaşı, Makronun ətrafı bu iddiaları şərh etməkdən imtina edib və onları siyasi dairələrdə yayılan fərziyyələr adlandırıb.