BAKI, 20 iyun. TELEQRAF

İspaniya millisinin hücumçusu Lamin Yamal zədədən tam bərpa olunmadığını və hələlik dünya çempionatında 90 dəqiqə oynamağa hazır olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə İspaniyanın RTVE telekanalına açıqlamasında danışıb.

Yamal dünya çempionatının ilk turunda Kabo-Verde ilə keçirilən və 0:0 hesabı ilə başa çatan görüşdə 71-ci dəqiqədə meydana daxil olub. İspaniya millisi növbəti oyununu iyunun 21-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.

"Hələ çox tezdir və buna ehtiyac yoxdur. Tam oyunu keçirmək vaxtı çatmayıb. Amma baş məşqçinin qərar verəcəyi qədər meydanda ola bilərəm", - deyə futbolçu bildirib.

Yamal ABŞ-yə gəldikdən sonra ilk məşqinə bazar ertəsi çıxıb. O, daha əvvəl İspaniya çempionatının 33-cü turunda "Barselona"nın "Selta" üzərində 1:0 hesablı qələbəsi ilə başa çatan oyunun ilk hissəsində zədələnmişdi.