BAKI, 19 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranın ABŞ ilə qarşılıqlı anlaşma memorandumunu imzalaması faktiki olaraq kapitulyasiya deməkdir.

Teleqraf xəbər verir ki, Tramp bu fikri "Axios" portalına müsahibəsində səsləndirib.

"Bu, həqiqətən də, yəqin ki, qeyd-şərtsiz kapitulyasiyadır. Mən belə hesab edirəm", - deyə ABŞ lideri bildirib.

O, jurnalistin memorandumun imzalanmasının əvvəllər bəyan etdiyi "qeyd-şərtsiz kapitulyasiya" tələbinə uyğun gəlmədiyi barədə fikrinə cavab olaraq bu açıqlamanı verib.

Trampın sözlərinə görə, ABŞ İran üzərində tam hərbi üstünlük əldə edib.

"Biz onlara tam hərbi məğlubiyyət yaşatdıq", – deyə o vurğulayıb.

ABŞ Prezidenti ölkəsinin dünyanın ən güclü silahlı qüvvələrinə malik olduğunu qeyd edib və İran ətrafında dəniz blokadası tətbiq etdiyini iddia edib.

"Heç bir gəmi keçə bilmirdi", - deyə Tramp əlavə edib.

Müsahibə zamanı ona münaqişənin güc tətbiqinin məhdudiyyətlərini göstərib-göstərmədiyi barədə sual da ünvanlanıb. Tramp buna cavab olaraq "Məhdudiyyət yoxdur" ifadəsini işlədib.

Bununla yanaşı, ABŞ Konqresinin həm Demokratlar, həm də Respublikaçılar Partiyasından olan bəzi üzvləri Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatlarını və Tehranla əldə olunan razılaşmanın şərtlərini tənqid ediblər.

Demokrat senator Riçard Blumental memorandumu ABŞ üçün "rüsvayçı saziş" adlandırıb. Onun fikrincə, sənəd İranın deyil, ABŞ-nin qeyd-şərtsiz kapitulyasiyasını xatırladır.

"The New York Times" qəzeti də yazıb ki, ABŞ və İran arasında əldə olunan razılaşma Trampın əvvəllər bəhs etdiyi "qeyd-şərtsiz kapitulyasiya" sənədinə bənzəmir. Nəşrin qiymətləndirməsinə görə, İran qarşıdurmadan mövqelərini qoruyaraq çıxıb və neft satışından milyardlarla dollar gəlir əldə etmək imkanını bərpa edib.

Xatırladaq ki, iyunun 14-də ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Yaxın Şərqdə müharibəyə son qoymağı hədəfləyən razılaşmanın əldə olunduğunu təsdiqləmişdilər.