BAKI, 6 noyabr. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampın yəhudi dövlətinə illik təxminən 4 milyard dollar həcmində maliyyə dəstəyinin dayandırılması ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin sosial şəbəkə hesabında yayılan bəyanatda bildirilib.

Təl-Əviv bu qərarı yardım modelindən tərəfdaşlığa keçid kimi qiymətləndirib.

Qeyd edilib ki, Benyamin Netanyahu və Trampın təşəbbüsü ilə həyata keçirilən yeni yanaşma iki ölkə arasındakı münasibətlərin gücünü, inkişaf səviyyəsini və zamanla dəyişən şəraitə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirir.

Baş nazirin ofisi ABŞ-nin İsrailə hərbi yardımının indiyədək respublikaçılar və demokratlar arasında ikitərəfli razılaşmaya əsaslandığını vurğulayıb.

Qeyd edək ki, Donald Tramp noyabrın 3-də "Fox News" telekanalına müsahibəsində ABŞ-nin cari ilin sonunadək İsrailə illik təxminən 4 milyard dollarlıq maliyyə dəstəyini dayandıracağını açıqlayıb.