BAKI, 19 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, İran öz nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini buraxmağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, Uitkoff bu barədə ABŞ Konqresinin üzvlərini jurnalistlər üçün qapalı keçirilən brifinqdə məlumatlandırıb. Onun sözlərinə görə, İran BAEA-nı nüvə obyektlərini yoxlamağa, həmçinin Tehranın zənginləşdirilmiş nüvə materiallarının yerləşdiyi məntəqələrin müəyyənləşdirilməsi və açıqlanması prosesinə başlamağa dəvət edəcək.

ABŞ prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, BAEA əməkdaşlarının İranın nüvə obyektlərinə buraxılması Vaşinqton və Tehran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulmayıb.

Bununla belə, Uitkoffun sözlərinə görə, bu məsələ İran tərəfinin BAEA-ya göndərməyə hazırlaşdığı məktubda öz əksini tapıb.