BAKI, 18 iyun. TELEQRAF
ABŞ İranla qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra 30 gün ərzində İrana bitişik ərazilərdən qoşunlarını çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA agentliyi memorandumun mətninə istinadən məlumat yayıb.
Məlumata görə, sənəd imzalandıqdan sonra Vaşinqton dəniz blokadasının mərhələli şəkildə ləğvinə başlayacaq və bu proses 30 gün ərzində tam başa çatdırılacaq. İran isə öz növbəsində dəniz nəqliyyatını müharibədən əvvəlki səviyyədə bərpa edəcək.
Memorandumun doqquzuncu bəndinə əsasən, sənəd imzalandığı andan etibarən ABŞ-ın regiona əlavə hərbi qüvvələr göndərməsi qadağan olunur.
Bildirilir ki, İrana qarşı sanksiyalar və nüvə proqramı ilə bağlı yekun razılaşmanın 60 gün ərzində əldə olunması nəzərdə tutulur. Zərurət yaranacağı təqdirdə bu müddətin uzadılması da mümkün olacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonun yaxın 48 saat ərzində İranla qarşılıqlı anlaşma memorandumu imzalamağı planlaşdırdığını bildirmişdi.