BAKI, 7 iyun. TELEQRAF
Rusiya bəzi BMT strukturları ilə əməkdaşlıqdan imtina etsə də, BMT-ni beynəlxalq münasibətlər sistemində alternativsiz platforma hesab edir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov müsahibəsində bildirib.
Onun sözlərinə görə, Moskvanın müəyyən hallarda əməkdaşlığı dayandırmaq və ya bəzi prosesləri bloklamaq üçün alətləri mövcuddur.
"Bizim müəyyən mexanizmlərimiz var ki, onların vasitəsilə hansısa təşəbbüsləri bloklayır və ya müəyyən qurumlarla əməkdaşlıq etmirik", - deyə Alimov qeyd edib.
Diplomat nümunə olaraq Rusiyanın İrana qarşı sanksiyalar üzrə komitənin fəaliyyətinin bərpasını blokladığını göstərib.
Alimov həmçinin bildirib ki, Moskva BMT Baş katibinin xüsusi nümayəndələrindən biri ilə də əməkdaşlıq etmir. O, bunu həmin nümayəndənin Rusiya hərbçiləri ilə bağlı səsləndirdiyi bəyanatlarla əlaqələndirib.
Bununla yanaşı, XİN rəsmisi vurğulayıb ki, Rusiya BMT-ni qlobal problemlərin müzakirəsi və həlli üçün vacib beynəlxalq platforma hesab etməyə davam edir.