BAKI, 14 mart. TELEQRAF
Bu gün səhər Qara dənizdə Yunanıstanın "Maran Homer" tankerinə PUA hücumu olub.
Teleqraf xəbər verir ki, hücumun Ukrayna tərəfindən edildiyi qeyd olunur.
"Ukrayna ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları ləğv etmək qərarına cavab olaraq Qara dənzdə neft daşıyan gəmilərə hücum edir" - təsdiqlənməmiş məlumatda qeyd olunur.
Hücum nəticəsində gəminin yalnız sağ tərəfinə ziyan dəyib. Gəminin heyəti 24 nəfərdən ibarətdir, onlardan 10-u yunan, digərləri filippinli və rumındır.
Bütün heyət üzvləri sağdır.
Gəmi avtonom şəkildə üzür və ətraf mühitin çirklənməsi müşahidə olunmayıb.
Tanker "Angelikousis" şirkətlər qrupuna daxil olan "Maran Tankers Management" gəmiçilik şirkətinə məxsusdur.
Hücum Rusiyanın ərazi sularından kənarda, gəmi Qazaxıstan neftini qəbul edərkən - Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalına daxil olmaq üçün icazə gözləyərkən - həyata keçirilib.