BAKI, 14 may. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna ilə Rusiya arasında mümkün danışıqlara münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Litva Prezidenti Gitanas Nauseda ilə birgə mətbuat konfransında danışıb.

Finlandiya lideri hesab edir ki, Ukraynada müharibəyə son qoymaq üçün bəzən narahatedici danışıqlar lazımdır.

Stubb qeyd edib ki, Rusiya ilə mümkün danışıqlar yalnız Ukrayna güclü mövqedə olduqda başlamalıdır.

Prezident əlavə edib ki, Rusiya ilə dialoq aparan tərəfin Avropa və Ukraynadan mandatı olmalıdır.

“Danışıqlar Rusiya təcavüzünü və ya rejimi qanuniləşdirmək demək deyil. Müharibəyə son qoymaq üçün bəzən çətin və narahatedici söhbətlər aparmaq lazımdır”, - Aleksandr Stubb vurğulayıb.