BAKI, 14 may. TELEQRAF
Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşdır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün Bakıda Avropa Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Y.Rəfiyev ikitərəfli əlaqələrdə yeni və uğurlu dinamikanın yarandığını, bunun ən mühüm göstəricisinin isə yüksək səviyyəli intensiv təmaslar olduğunu vurğulayıb.
O qeyd edib ki, bu gün Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlardır:
"Aİ Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. Avropa İttifaqı enerji münasibətləri, nəqliyyat əlaqələri və digər mühüm istiqamətlərdə vacib və etibarlı tərəfdaşdır. Bu gün Azərbaycan 10 Avropa ölkəsinə təbii qaz ixrac edir. 2025-ci ildə Azərbaycan Avropaya 13 milyard kubmetr qaz nəql edib. Bu il isə Azərbaycan Avstriya və Almaniyaya qaz ixracını davam etdirəcək ki, bu da Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verir".
XİN başçısının müavini Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqların davam etdirilməsinin vacibliyini və bu sənədin müasir reallıqları əks etdirməli olduğunu vurğulayıb:
"Azərbaycan öz seçimlərini inamla dəstəkləyən və regionda sabitliyə töhfə verən dövlətdir. Biz regionun gələcək nəsilləri üçün faydalı olacaq strateji tərəfdaşlığı daha da inkişaf etdirməkdə maraqlıyıq".