BAKI, 8 mart. TELEQRAF

İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir bildirib ki, İsrailin hərbi əməliyyatları hələ uzun müddət davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumat İsrail Ordusunun mətbuat xidməti tərəfindən açıqlanıb.

Zamir komandirlərlə keçirilən iclas zamanı çıxış edərək əməliyyatın əsasən Livandakı şiə təşkilatı “Hizbullah”-a qarşı olduğunu qeyd edib. Lakin onun uzunmüddətli hərbi kampaniyaya dair fikri konkret bir regionla məhdudlaşmayıb, yəni İrana qarşı əməliyyatları da nəzərdə tuta bilər.

Baş Qərargah rəisi əlavə edib ki, son iki ildə İsraildə fövqəladə vəziyyət rejimi tətbiq olunur və hazırda ən çox səbir və qərarlılığa ehtiyac var.

“Bu çox vaxt alacaq, buna hazır olun. Bu, bizim nəsil üçün müharibədir. Bu, həyati əhəmiyyətli və gələcək illər üçün təhlükəsizliyimizi müəyyən edəcək bir müharibədir”, - o vurğulayıb.