BAKI, 21 sentyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri Xəzəryanı ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının iştirakı ilə Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən “Xəzər-2026” beynəlxalq kompleks təlimində iştirak ediblər.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Xəzəryanı ölkələrin müvafiq qurumlarından ümumilikdə 300 nəfərə yaxın yanğınsöndürən və xilasedicinin cəlb olunduğu beynəlxalq təlimin keçirilməsində əsas məqsəd Xəzəryanı ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsil qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, müxtəlif xarakterli fövqəladə hallara birgə operativ reaksiya imkanlarının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması olub.
Təlim zamanı su hövzələrində baş verən hadisələr, yanğınlar, yol-nəqliyyat qəzaları, infrastruktur obyektlərində qəzalar, eləcə də neft və neft məhsullarının dağılması ilə əlaqədar şərti fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimin yekununda Azərbaycan FHN-in nümayəndələrinin peşəkarlığı yüksək qiymətləndirilib. Həmçinin, beynəlxalq əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Nazirliyin əməkdaşları Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin müvafiq medalı ilə təltif olunublar.