BAKI, 8 mart. TELEQRAF

İranın paytaxtı Tehranın şimal və qərb hissəsində yerləşən bir neçə neft anbarının ABŞ və İsrailin hücumları nəticəsində zərər gördüyü bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə İranın Fars agentliyi məlumat yayıb.

Agentliyin İranın Neft Nazirliyindəki mənbələrinə istinadən verdiyi məlumata görə, paytaxtın ətrafında yerləşən Kərəc şəhərində, eləcə də Şəhran və Kuhak rayonlarında yerləşən neft anbarları atəşə məruz qalıb.

Hələlik hücumlar nəticəsində dəymiş ziyanın miqyası barədə dəqiq məlumat verilməyib.

Bununla yanaşı, agentlik qeyd edir ki, daha əvvəl zərbə endirildiyi iddia olunan Tehranın cənubundakı neft emalı zavodu zədələnməyib və orada neft emalı prosesi adi qaydada davam edir.