BAKI, 20 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin nizamlanması prosesində ölkəsinin müstəqilliyi və suverenliyinin müzakirə mövzusu olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "Kyodo News" nəşrinə müsahibəsində bildirib.

Volodimir Zelenski Ukraynanın real kompromislərə hazır olduğunu, lakin Rusiyanın yeni ərazilərin işğalını nəzərdə tutan tələblərini ultimatum kimi qiymətləndirdiyini vurğulayıb: "ABŞ ilə kompromislər barədə danışmağa hazırıq, lakin rusiyalılardan təkrar-təkrar ultimatumlar almağı rədd edirik. Rusiya təcavüzkar tərəfdir və bu fakt bütün dünya tərəfindən qəbul edilib".

Prezidentin sözlərinə görə, hərbi əməliyyatların hazırkı cəbhə xətti boyunca dayandırılmasını nəzərdə tutan "olduğumuz yerdə dayanırıq" prinsipi Ukrayna tərəfi üçün artıq böyük bir güzəştdir:

"Onlar ərazimizin təxminən 20%-ni işğal ediblər. Biz hazırda mövcud mövqelər əsasında sülh danışıqlarına başlamağa hazırıq və bu, kifayət qədər ciddi kompromisdir".

Dövlət başçısı həmçinin qeyd edib ki, Cenevrə danışıqlarının yekunlarına əsasən, atəşkəsin monitorinqi kimi hərbi məsələlərdə müəyyən irəliləyiş qeydə alınsa da, ərazilərin statusu və digər həssas siyasi mövzularda tərəflərin mövqeləri fərqli olaraq qalır.

V. Zelenski sülh danışıqlarının növbəti mərhələsinin fevral ayında keçiriləcəyinə ümid etdiyini əlavə edib.