BAKI, 5 fevral. TELEQRAF

BMT-nin baş katibi Antoniu Quterreş mövcud vəziyyətin sürətlə dəyişən qlobal şəraitə uyğun yeni silahlara nəzarət rejiminin formalaşdırılması üçün imkan yaratdığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu fikirləri fevralın 5-də Rusiya və ABŞ arasında strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılmasına dair müqavilənin (DSNV) qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar yaydığı bəyanatda səsləndirib.

Quterreş vurğulayıb ki, onilliklər ərzində əldə olunmuş nailiyyətlərin məhv edilməsi ən uyğunsuz məqama təsadüf edib, çünki nüvə silahından istifadə riski son onilliklərdə ən yüksək səviyyəyə çatıb. Bununla belə, o qeyd edib ki, hətta bu qeyri-müəyyənlik şəraitində belə ümid axtarmaq lazımdır.

BMT baş katibi Rusiya və ABŞ prezidentlərinin silahlanma yarışının sabitliyi pozan təsirini dərk etməsini müsbət qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə liderlərinin nəzarətsiz nüvə silahı yayılmasının qarşısının alınmasının vacibliyini anlaması yeni təhlükəsizlik sisteminin formalaşdırılması üçün zəmin yaradır.

Quterreş bildirib ki, mövcud böhran beynəlxalq ictimaiyyət tərəfindən silahlara nəzarətin daha aktual və müasir arxitekturasının yaradılması üçün fürsət kimi dəyərləndirilməlidir.