BAKI, 24 yanvar. TELEQRAF
“Sülh Şurası” hazırda yalnız Qəzza zolağındakı vəziyyət üzərində işləyir və digər regionlarla bağlı müzakirələr aparılmır.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "NTV" telekanalının efirində deyib.
Fidan qeyd edib ki, Şura hələ yeni formalaşır, lakin fəaliyyətə dərhal Qəzza məsələsindən başlanılıb, çünki bu, prioritet və təxirəsalınmaz məsələdir.
O bildirib ki, Şura çərçivəsində bir sıra komitələr yaradılıb. Onlardan yalnız biri Qəzza məsələləri ilə məşğuldur. Bundan əlavə, Qəzzanın gündəlik idarə olunması ilə məşğul olacaq 15 fələstinlidən ibarət komitə və “Sülh Şurası”nın katiblik funksiyalarını yerinə yetirəcək icraçı komitə formalaşdırılıb. Gələcəkdə isə sabitləşdirmə qüvvələrinin və zərurət yarandığı halda digər strukturların yaradılması nəzərdə tutulur.
Fidan, həmçinin vurğulayıb ki, imzalanmış nizamnaməyə əsasən “Sülh Şurası”nın missiyası və vəzifələrinin təsviri əhəmiyyətli dərəcədə genişləndirilib.