BAKI, 16 yanvar. TELEQRAF
Çin internet əşyaları (IoT) üçün nəzərdə tutulan Tianqi seriyalı dörd telekommunikasiya peykini dəniz platformasından orbitə çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə peykləri orbitə buraxan Galactic Energy şirkəti məlumat yayıb.
Məlumata görə, buraxılış 16 yanvar tarixində Pekin vaxtı ilə saat 04:10-da Sarı dənizin akvatoriyasında yerləşən Hayyan kosmodromundan həyata keçirilib. Peyklər orbitə Ceres-1 raketi vasitəsilə çıxarılıb.
Tianqi-37–40 peykləri Yer səthindən təxminən 850 kilometr yüksəklikdə yerləşir və “Xivanq” (Ümid) adlı qlobal internet əşyaları layihəsi çərçivəsində istifadə olunacaq. Layihə avtomobillərdə quraşdırılan elektron qurğular və portativ cihazlar vasitəsilə istehlakçı xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Bu peyk qruplaşması meşə və kənd təsərrüfatı, fövqəladə hallar, turizm, ekologiya, su ehtiyatlarının idarə olunması, energetika və neft sənayesi, dəniz iqtisadiyyatı, eləcə də “ağıllı şəhər” sistemləri üçün rəqəmsal məlumatların ötürülməsinə imkan verir.
Ceres-1 dörd pilləli, bərk yanacaqlı, yüngül sinifli daşıyıcı raketdir. Uzunluğu 19 metr, başlıq hissəsinin diametri 1,4 metr olan raket aşağı Yer orbitinə 400 kiloqrama qədər faydalı yük çıxarmaq imkanına malikdir. Bu buraxılış Ceres-1 raketinin 23-cü missiyası, 2026-cı ildə isə ilk uçuşu olub.
Qeyd edək ki, Çin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir. Ölkə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri ilə yanaşı, Ayın tədqiqi üçün texnologiyalar üzərində də işləyir. Dövlət dəstəyi ilə Çin alimləri asteroidlərin və Marsın öyrənilməsi istiqamətində layihələr hazırlayırlar. Hazırda Yer orbitində fəaliyyət göstərən Çin kosmik stansiyası beynəlxalq əməkdaşlıq üçün də açıqdır. 2025-ci ildə Çin 92 raket buraxılışı həyata keçirərək öz rekordunu yeniləyib.