İslandiyanın hakim koalisiyasında təmsil olunan Mərkəzçi Liberal Reform Partiyasının deputatı Siqmar Gudmundsson ABŞ-nin Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlərin zarafat kimi qəbul edilə bilməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə İslandiya mətbuatına açıqlamasında danışıb.
Gudmundssonun sözlərinə görə, mövcud gərginlik fonunda bu cür bəyanatlar xüsusilə İslandiya kimi kiçik ölkələr üçün son dərəcə ciddidir. Deputat vurğulayıb ki, amerikalıların Qrenlandiya ilə bağlı irəli sürdüyü bütün təhlükəsizlik arqumentləri eyni dərəcədə İslandiyaya da aiddir və məsələ bu iki adanın strateji yerləşməsi ilə bağlıdır.
O, ABŞ-də kiçik dövlətlərin suverenliyinə qarşı hörmətsiz yanaşmanın artdığını qeyd edərək bildirib ki, İslandiya ABŞ ilə, xüsusilə də NATO çərçivəsində dost münasibətlərə malik olsa da, dəyişən dünyada təhlükəsizlik maraqlarının harada və necə daha yaxşı qorunacağını açıq şəkildə müzakirə etməlidir.