BAKI, 16 yanvar. TELEQRAF

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin ilk baş müftisi Ratbek Hacı Nısanbayul vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Ratbek Hacı Nısanbayul 1940-cı il noyabrın 14-də anadan olub. O, Qazaxıstan müsəlmanlarının ilk baş müftisidir. Qazaxıstan Dövlət Memarlıq və Tikinti Akademiyasının fəxri professoru, tanınmış alim olub.

Buxarada Mir-Ərəb mədrəsəsi və Buxara Pedaqoji İnstitutunu bitirib. Dini təhsilini Liviya Universitetində alıb.

Açıq mənbələrə görə, onun baş müfti vəzifəsində çalışdığı dövrdə ölkədə məscidlərin sayı 1,5 minə çatıb. Onun təşəbbüsü ilə İslam Universiteti tikilib, “İslam Aləmi” və “Şapaqat-Nur” dini jurnalları nəşr olunmağa başlayıb.