Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvəyə mindikdən sonra 4,7 milyon uşaq və yeniyetmənin hesabı bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin internet təhlükəsizliyi üzrə tənzimləyici qurumu olan "eSafety" məlumat yayıb.
Məlumata görə, 10 dekabr 2025-ci ildən etibarən Avstraliya ərazisində fəaliyyət göstərən sosial şəbəkə şirkətləri 16 yaşdan aşağı uşaqlara və yeniyetmələrə məxsus azı 4,7 milyon hesabı deaktiv edib və ya silib. "eSafety" komissiyasının rəhbəri Culi İnman-Qrant bildirib ki, aparıcı platformalar yetkinlik yaşına çatmayanların hesablara çıxışının qarşısını almaq üçün ciddi addımlar atır və ilkin nəticələr qənaətbəxşdir.
O, "eSafety" qurumunun istifadəçilərin yaşının müəyyənləşdirilməsi mexanizmlərinin dəqiqliyinin artırılması və qanunvericilik tələblərindən yayınma hallarının qarşısının alınması üçün texnologiya şirkətləri ilə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb. İnman-Qrant bəzi uşaqların qadağanı aşmaq üçün müxtəlif üsullar tapdığını etiraf etsə də, əsas məqsədin ümumi zərərin azaldılması və sosial normaların bərpası olduğunu qeyd edib.
Buna baxmayaraq ölkədəki hüquq müdafiə təşkilatları daha tənqidi mövqe sərgiləyir. "Digital Rights Watch" təşkilatının sədri Lizzi O'Şi hesab edir ki, silinən hesabların sayı qadağanın effektivliyinin göstəricisi sayıla bilməz. Onun sözlərinə görə, qadağa bir çox yeniyetmənin sosial dəstək şəbəkəsindən məhrum olmasına və onlara ciddi zərər vurulmasına səbəb olub.
Qeyd edək ki, Avstraliyada 10 dekabr 2025-ci ildə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanun qüvvəyə minib. Qadağa "Facebook", "Instagram", "Reddit", "Snapchat", "Threads", "TikTok", "Twitch", "X" və "YouTube" platformalarına şamil olunur. Qanuna əsasən, tələblərin pozulmasına görə məsuliyyət texnologiya şirkətlərinin üzərinə düşür və onlar 49,5 milyon Avstraliya dollarınadək cərimə oluna bilərlər.