Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi respublikanın xarici işlər naziri Şaiya Möhsən əz-Zindanini yeni baş nazir təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin SABA informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müvafiq fərmana əsasən, Şaiya Möhsən əz-Zindanini Nazirlər Kabinetinin sədri təyin edilib və ona yeni hökumətin formalaşdırılması tapşırılıb. Sənədə görə, mövcud hökumət yeni kabinet formalaşanadək öz səlahiyyətlərini icra etməyə davam edəcək.

Qeyd edək ki, yanvarın 15-də Prezident Rəhbərlik Şurasının sədri Yəmən hökumətinin istefasını qəbul edib. Nazirlər Kabinetinin rəhbəri Salem Saleh bin Breyk istefa ərizəsi ilə müraciət edib. Açıqlamada qərarın ölkədə baş verən son dəyişikliklər fonunda yeni hökumətin formalaşdırılması məqsədi daşıdığı vurğulanıb.

Eyni zamanda, Rəşad əl-Alimi Salem Saleh bin Breyki maliyyə və iqtisadi məsələlər üzrə öz müşaviri təyin edib. Hökumət dəyişikliyinə Yəmənin cənub və şərq bölgələrində gərginliyin artmasının səbəb olduğu bildirilir.