Türkiyə aviaşirkətləri İraqa gecə reyslərini ləğv edib, uçuşlar yalnız gündüz saatlarında icra olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə İraqın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi nümayəndəsi Meysəm əs-Safi bildirib ki, İraq–Türkiyə arasında uçuşlar müntəzəm davam edir, lakin Türkiyə aviaşirkətləri digər xarici şirkətlər kimi təhlükəsizlik səbəbindən gecə reyslərini gündüz saatlarına keçiriblər. Onun sözlərinə görə, bu addım müvəqqəti xarakter daşıyır.

Əs-Safi əlavə edib ki, İraq aviaşirkətləri Türkiyəyə uçuşları həm gündüz, həm də gecə saatlarında həyata keçirməyə davam edir.

Qeyd edək ki, yanvarın 14-ü axşam saatlarında İran İraqla sərhədə bitişik regionlarda hava məkanını bağlamışdı.