Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasından sonra tərəflər arasında əməkdaşlıq bərpa oluna, ilk birgə layihələr isə Arktika regionunda həyata keçirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə ABŞ Ticarət Palatasının Rusiyadakı nümayəndəliyinin (AmCham Rusiya) rəhbəri Robert Eyci məlumat verib.
Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə normallaşma baş verərsə, məhz Arktika Rusiya-ABŞ əməkdaşlığının yenidən başladığı əsas platformalardan biri ola bilər. Robert Eyci bildirib ki, kütləvi informasiya vasitələrində yer alan məlumatlara əsasən, Rusiya nümayəndələri artıq amerikalı həmkarları ilə bu istiqamətdə mümkün təşəbbüsləri müzakirə ediblər.
AmCham rəhbəri vurğulayıb ki, Arktika regionu zəngin təbii ehtiyatlara malikdir. Onun sözlərinə görə, iqlim dəyişiklikləri fonunda nadir torpaq metalları da daxil olmaqla, bu resurslara çıxış imkanları getdikcə genişlənir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin sentyabrında Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Rusiyanın Arktika regionunda ABŞ ilə birgə işləməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, bunun üçün siyasi qərar tələb olunur və Amerika şirkətləri iqtisadi fəaliyyət iştirakçıları səviyyəsində əməkdaşlığa maraq göstərirlər.