Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın müdafiəsinin bütün NATO üçün ümumi narahatlıq mövzusu olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu açıqlama Avropanın bir sıra ölkələrindən hərbi kontingentlərin Qrenlandiyaya göndərilməsi fonunda səsləndirilib.
Məlumata görə, Fransa, Almaniya, Böyük Britaniya, Norveç və İsveç də daxil olmaqla bir sıra NATO üzvü ölkələrin hərbçiləri Danimarkanın tərkibində muxtar ərazi olan Qrenlandiyaya yollanıb. Danimarka hakimiyyəti də adadakı hərbi mövcudluğunu artıracağını açıqlayıb.
Frederiksen bildirib ki, Avropa və Şimali Amerika təhlükəsizliyi baxımından Arktika regionunda gücləndirilmiş NATO mövcudluğu zəruridir və bu istiqamətdə birgə hərbi təlimlər keçirilir.
Xatırladaq ki, bu proses ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından vacib olduğu və adanın əldə edilməsinə dair əvvəlki mövqeyini dəyişməməsi fonunda baş verir.
Qrenlandiyanın Baş naziri isə bildirib ki, ABŞ-la dialoq yalnız konstitusion statusa, beynəlxalq hüquqa və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququna hörmət əsasında mümkündür. O, Qrenlandiyanın satılmadığını, ABŞ-nin tərkibinə daxil olmayacağını və demokratik özünüidarəyə malik olduğunu vurğulayıb.
Məlumata əsasən, Danimarkanın rəhbərliyi adada daha daimi hərbi mövcudluğun yaradılması imkanlarını nəzərdən keçirir və NATO ölkələrinin hərbçiləri rotasiya prinsipi ilə Qrenlandiyada xidmət göstərəcək.