İtaliya parlamenti Ukraynaya yardımın 2026-cı ilin sonunadək davam etdirilməsini nəzərdə tutan qətnaməni qəbul edib.

Teleqraf xəbər verir ki, sənəd əvvəlcə Nümayəndələr Palatasında, daha sonra isə Senatda səsverməyə çıxarılıb.

Məlumata görə, səsvermə ölkənin müdafiə naziri Quido Krozettonun Nazirlər Kabineti tərəfindən qəbul edilmiş müvafiq dekretin təqdimatından sonra keçirilib.

Hakim koalisiyanın “İtaliyanın Qardaşları”, “İrəli, İtaliya” və “Liqa” partiyalarının irəli sürdüyü qətnamədə hökumətin NATO, Avropa İttifaqı, “Yeddilik Qrupu” (G7) və beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində Ukraynaya dəstəyi davam etdirməyi öhdəsinə götürdüyü qeyd olunur. Sənəddə bu dəstəyin mülki əhalinin, kritik infrastrukturun qorunmasına və ümumilikdə Avropa qitəsinin təhlükəsizliyinə töhfə vermək məqsədi daşıdığı vurğulanır.

Qətnamədə, eyni zamanda, mülki yardıma diqqətin artırılması və bu istiqamətdə dəstəyin genişləndirilməsi öhdəliyi yer alıb. Birbaşa “hərbi yardım” ifadəsi öhdəliklər siyahısında göstərilməsə də, sənədin ümumi mətnində bu anlayışa istinad olunur.

Qeyd edək ki, daha əvvəl hakim koalisiyaya daxil olan “Liqa” partiyası yardımın istiqamətinin dəyişdirilərək silah tədarükündən imtina edilməsinə çağırış etmişdi.