BAKI, 16 yanvar. TELEQRAF

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb.

Teleqraf müsahibəni təqdim edir:

- Qüdrət bəy, ABŞ Prezidenti Donald Trampın İrandakı etirazçılara xitabən “dövlət orqanlarını tutun, yoldayıq, köməyə gəlirik” vədi özünü doğrultmadı. Tramp niyə geri çəkildi?

- Oxşar hadisə 9 yanvar 1905-ci ildə Rusiyada, Sankt-Peterburqda baş verib. Keşiş Qapon fəhlələri çara qarşı yürüşə dəvət edir, amma özü gəlmir. Polis tərəfindən nümayişçilərə atəş açılır, yüzlərlə insan ölür, yaralanır. Həmin gün “Qanlı bazar günü” kimi tarixdə qaldı. Sonradan Keşiş Qaponun polislə işbirliyi üzə çıxır və bir il sonra onu öldürürlər.

Trampa gəldikdə, o tez-tez fikrini dəyişən, impulsiv xarakterli bir şəxsdir. Görünür camaatı küçələrə çağırıb, “yoldayıq, dövlət binalarını tutun” deyən anda ABŞ-nin imkanlarını düzgün hesablamayıb, yaxın ətrafı və hərbçilərlə ciddi məsləhətləşmələr aparmadan belə bir vəd veribmiş. Onun hərbi əməliyyatdan ərəb ölkələrinin xahişi ilə geri çəkilməsi barədə deyilənləri ciddi qəbul etmək lazım deyil. O xarakterli adamları ya onların tələblərini yerinə yetirməklə, ya da güclə dayandırmaq olar. Rusiya və Çinin kəskin etirazı və İrana kömək vədi məncə onu dayandıran həlledici faktor oldu. Onu başa saldılar ki, Venesuelada əldə olunan asan uğuru burada qazanmaq mümkün olmayacaq. Yəqin ki, ikinci mühüm faktor İranın əks zərbələrinin ağır nəticələr doğura biləcəyi barədə Trampa təqdim olunan hesabat olub.
ABŞ-yə güvənib hərəkət etməyin nə qədər səhv və təhlükəli olması növbəti dəfə özünü göstərdi. Amma ABŞ-nin daha böyük qüvvə səfərbər edib İrandakı rejimi dəyişməyə cəhd edəcəyi ehtimalı çox yüksəkdir.

- Rəsmi Tehranın bu mərhələdə qarşıdurmadan qalib çıxdığını söyləmək olarmı?

- Onlar kimə qalib gəldilər? Ağır həyatlarına, ədalətsizliyə etiraz edən dinc insanlara, öz vətəndaşlarına? Kütləvi repressiyalar və qətliamlar hesabına sabitlik müvəqqəti bərpa oluna bilər, amma bu vətəndaş müqaviləsi əsasında baş vermədi. O qırğınlardan sonra hakimiyyətə qarşı qəzəb və nifrət bir az da artdı. İran bizim qonşumuzdur, orada soydaşlarımız yaşayır. Mən hər zaman deyirəm, biz, İranın dinc, təkamül yolu ilə inkişafını istəyirik, həm ikitərəfli, həm 3+3 formatında daha sıx əməkdaşlığın tərəfdarıyıq. Öz ölkəmizə yaxşı nə arzu ediriksə, onlara da onu arzu edirik. Öz ölkəmizdə də islahatların keçirilməsini istəyirik. İranda digər xalqların milli haqları tanınmalıdır. Pezeşkianın son müraciətində xalqa verdiyi vədlər yerinə yetirilməlidir. Xalq dəyişiklik istəyir, əvvəlki şərtlər altında yaşamaq istəmir. Ölkədə ciddi islahatlar həyata keçirilməsə etirazlar yenidən başlayacaq. Hakim elitanın imtiyazlardan imtina edəcəyi isə az ehtimal olunur. O zaman, bu gün imicinə ciddi zərbə vurulmuş Tramp İsraillə birlikdə hərəkətə keçəcək.

- ARB 24 televiziyasına verdiyiniz müsahibədə İrandakı vəziyyətlə bağlı dediklərinizə görə İranın “Səhər” televiziya kanalı tərəfindən tənqid olundunuz. Necə qarşıladınız?

- Hər kəs tənqid oluna bilər. Onların Azərbaycan türkcəsində danışması məni çox sevindirir. Yəqin ki, həmin xanım məni tənqid etməsi üçün ona ana dilində danışmaq imkanı yaradılmasından çox məmnundur. Çox istərdim ki, “Səhər” kanalı haqqımızda nə deməsindən asılı olmayaraq Tehranda, Təbrizdə, Cənubi Azərbaycanın bütün bölgələrində yayımlansın. Həmin televiziyanın əməkdaşları bu barədə düşünsünlər ki, niyə onlara bu hüquq tanınmır, belə bir imkan yaradılmır. Onlar da, digər soydaşlarımız da Azərbaycan dilinin qrammatikasını öyrənsinlər, danışdıqları şirin ana dillimizdə təhsil alsınlar, Azərbaycan mədəniyyətini inkişaf etdirsinlər. İran hökuməti ən azından 40 milyonluq azərbaycanlı vətəndaşının milli kimliyinə hörmət edib deməsin ki, işğalçı Ermənistana hər zaman dəstək olmuşuq. İran əhalisinin yarısının ana dili olan Azərbaycan türkcəsi fars dili ilə yanaşı İranın dövlət dili olsun və s.

- ABŞ Qrenlandiyanı işğal edə biləcəkmi?

- Danimarka və onun NATO üzrə Avropadakı müttəfiqləri işğala silahlı müqavimət göstərsələr, yox. Tramp bu iddiaları ilə Avropanı məcbur edir ki, Ukraynanı müdafiə etməsinlər, əksinə onu kapitulyasiyaya məcbur etsinlər, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya torpaqları kimi tanısınlar. Görmürsünüz, ABŞ-nin təmsilçiləri Rusiya ilə danışıqlarda Putinin rəsmi nümayəndələri kimi çıxış edirlər.

- Rəsmi Bakı İranda baş verən hadisələrə niyə reaksiya vermir?

- Hələlik bu yanaşmanı doğru sayıram. Azərbycan İranla əlaqələrə həmişə böyük diqqət yetirib və istəmir ki, nə bu gün, nə sabah münasibətlərdə əlavə gərginlik yaşansın. Amma orada hadisələr daha dəhşətli xarakter alsa, azərbaycanlılar ciddi təhlükə ilə üzləşsə, inanıram ki, o zaman ciddi mövqe də olacaq.