BAKI, 16 yanvar. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin hərbi məqsədləri təkcə Ukrayna ilə məhdudlaşmır.

Teleqraf xəbər verir ki, bu qənaətə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri Kremlin rəhbərinin son bəyanatlarını təhlil etdikdən sonra gəliblər.

Rusiya liderinin sözlərinə görə, Ukraynadakı müharibə Qərbin NATO-nun genişlənməyəcəyi barədə verdiyi ictimai vədlərə baxmayaraq, Rusiyanın maraqlarını nəzərə almamasının birbaşa nəticəsidir.

ABŞ analitiklərinin fikrincə, Putin bununla göstərib ki, onu yalnız Ukraynanı əhatə edən və NATO-nun köklü şəkildə yenidən qurulmasını nəzərdə tutmayan sülh razılaşması qane etməyəcək.

“Əgər NATO Putinin 2021-ci ilin sonunda irəli sürdüyü və 2026-cı il yanvarın 15-dəki çıxışında xatırlatdığı ultimatumları yerinə yetirsəydi, bu, alyansın dağılmasına gətirib çıxarar və Avropanın təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsini tələb edərdi”.

Putin dəfələrlə nümayiş etdirib ki, onun tələbləri ABŞ tərəfindən təklif olunan 28 maddəlik plan və sonrakı sülh planlarında göstəriləndən daha genişdir. Putin 2021-2022-ci illərdə müəyyən etdiyi ilkin hərbi məqsədlərinə sadiq qalır, bu məqsədlər ərazi çərçivəsindən kənara çıxır, təkcə Ukrayna ilə məhdudlaşmır”.