İspaniya hüquq-mühafizə orqanları Avropaya istiqamətlənən gəmilərdə kokaini gizlətmək üçün üzgüçülərdən istifadə edən beynəlxalq cinayət şəbəkəsini zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İspaniya Milli Polisinin məlumatına görə, 15 ay davam edən istintaq nəticəsində təxminən 2,5 ton kokain müsadirə olunub, 30 nəfər saxlanılıb.
Araşdırma 2024-cü ilin oktyabrında ölkənin cənubunda yerləşən Mixas şəhərində avtomobildə 88 kiloqram kokain aşkarlanandan sonra başlayıb. Bu fakt hüquq-mühafizə orqanlarını Kolumbiyadan İspaniyaya iri həcmdə narkotik daşıyan və aralarında Balkan kartelinin də olduğu üç cinayət qrupunun izinə çıxarıb.
Polisin açıqlamasına görə, dəstələr “meymun üsulu” adlandırılan texnikadan istifadə ediblər. Bu üsulda yoxsul ailələrdən olan, üzmə bacarığı yüksək gənclər açıq dənizdə hərəkətdə olan konteyner gəmilərinə yaxınlaşaraq narkotiki konteynerlərin içinə yerləşdiriblər. Daha sonra eyni şəbəkənin üzvləri gəmilər Cəbəllütariq boğazına çatmamış onları saxlayaraq yükləri geri götürüblər.
Keçən ilin ortalarında Kadis limanına doğru hərəkət edən bir gəmi göyərtəsində gizli sərnişinlərin olduğu barədə dəniz xilasetmə xidmətinə məlumat verib. Nəticədə içərisində 1,4 ton kokain gizlədilən konteyner aşkar edilib. Sonradan məlum olub ki, göyərtədə olan üç nəfər narkotiki geri götürmək tapşırığı alan şəxslər olub və onlar hadisə yerindən qaçıblar.
Bundan bir müddət sonra Portuqaliya sularından keçən başqa bir gəmi göyərtəsində silahlı şəxslərin olduğu barədə məlumat verib. Buna baxmayaraq, cinayətkarlar konteynerdə gizlədilmiş kokain bağlamalarını kiçik qayıqlara ötürərək hüquq-mühafizə orqanlarından yayına biliblər.
Keçən ilin payızında polis sürətli qayıqlardan və “at–götür” metodundan istifadə edən beş nəfəri saxlayıb. Onlardan üçü kolumbiyalı, ikisi isə Balkan kartelinin İspaniyada fəaliyyət göstərən üzvləri olub. Bu metodda yük gəmilərindən narkotik sahilə yaxın ərazilərdə suya atılır, daha sonra kiçik gəmilərlə götürülür. Bəzi hallarda ekipaj zorakılıqla ram edilir və konteynerlərdən narkotik çıxarılır.
Əməliyyat zamanı 2 475 kiloqram kokain, müxtəlif avtomat silahlar, minmə nərdivanları, dəniz avadanlıqları, 8 lüks avtomobil, 166 min avrodan çox nağd pul, eləcə də 100 min avro dəyərində saat və zinət əşyaları müsadirə edilib. Narkotiklər əvvəlcə Kadis körfəzi boyunca şəhər və kəndlərdə gizlədilib, daha sonra avtomobillərlə digər Avropa ölkələrinə daşınıb.
İspaniya Milli Polisi bazarda kokainin qiymətinin ucuzlaşmasının qaçaqmalçıları hətta narko-sualtı qayıqları yenidən istifadəyə qaytarmağa məcbur etdiyini bildirib. Bu həftənin əvvəlində Kanar adaları yaxınlığında duz yüklü ticarət gəmisində gizlədilmiş təxminən 10 ton kokainin aşkarlandığı da açıqlanıb. Bu, dənizdə indiyədək qeydə alınan ən böyük müsadirə hesab olunur.