ABŞ İranla münasibətlərdə artan gərginlik fonunda Yaxın Şərqə hərbi qüvvələrin, o cümlədən aviasiyanın köçürülməsinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton azı bir aviadaşıyıcı zərbə qrupunu regiona göndərir. Hazırda söhbətin "USS Abraham Lincoln" aviadaşıyıcısından, yoxsa Norfolk və San-Dieqo limanlarından çıxan digər hərbi gəmilərdən getdiyi dəqiq bilinmir. Gəmilərin Yaxın Şərqə çatmasının ən azı bir həftə çəkəcəyi gözlənilir.

Qeyd olunur ki, ABŞ-nin hava, quru və dəniz bazalı hərbi aktivləri yaxın günlərdə mərhələli şəkildə regiona göndəriləcək. Bu addım prezidentə İranla bağlı mümkün hərbi zərbə qərarı veriləcəyi halda alternativ variantlar təqdim etmək məqsədi daşıyır.