BAKI, 30 avqust. TELEQRAF

Yaponiya hökuməti immiqrasiya siyasətinə yenidən baxmaq niyyətindədir.

Teleqraf “Asahi” nəşrinə istinadən xəbər verir ki, hökumətin belə addımı uzun müddətli ölkəyə gələn əcnəbilərin sayının məhdudlaşdırılmasına səbəb ola bilər.

İmmiqrasiya Bürosuna nəzarət edən Ədliyyə Nazirliyi məsələni müzakirə etmək üçün xüsusi ekspert qrupu yaradacaq.

Qeyd olunur ki, hökumət ölkədə yaşayan əcnəbilərin sayının artmasının Yaponiya cəmiyyətinin özünə, o cümlədən sosial təminat, əmək haqqı və ictimai təhlükəsizliyə təsirini qiymətləndirmək niyyətindədir.

Hazırda Yaponiyada uzunmüddətli əsaslarla yaşayan xarici vətəndaşların sayı ölkənin ümumi əhalisinin 2,9 faizini təşkil edir. Yaponiya hakimiyyət orqanlarının fikrincə, 2070-ci ilə qədər bu rəqəm 10 faizə çatacaq və inkişaf etmiş Qərb ölkələri ilə eyni səviyyədə olacaq.

Qeyd olunur ki, cəmiyyətdə gərginliyin artacağı təqdirdə əcnəbilərin sosial inteqrasiyası üçün xüsusi proqramın yaradılacaq. Hətta ölkəyə gələn əcnəbilərin sayına məhdudiyyətlərin tətbiqi imkanları nəzərdən keçirilə bilər.