BAKI, 17 dekabr. TELEQRAF
Məşhur rejissor Rob Reynerin oğlu Nik Reyner Los-Ancelesdə baş verən dəhşətli ikiqat qətldən bir neçə saat əvvəl komediyaçı Konan O’Brayenin Milad məclisində gərgin davranışı ilə diqqət çəkib.
Teleqraf xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Mənbələrin bildirdiyinə görə, Nik Reyner məclis zamanı aktyor və komediyaçı Bill Heyderin söhbətini yarımçıq kəsib. Heyderin “hazırda şəxsi söhbət edirəm” deməsindən sonra Nik Reynerin susaraq ona baxdığı və əsəbi şəkildə məclisi tərk etdiyi iddia olunur. Şahidlər bu davranışın digər qonaqları da narahat etdiyini bildiriblər.
Bundan əvvəl TMZ Reynerin həmin axşam atası Rob Reynerlə də yüksək səslə mübahisə etdiyini yazmışdı. Məlumata görə, Rob Reyner oğlunu nəzarətdə saxlamaq üçün onu məclisə özü ilə aparıb.
Xatırladaq ki, 78 yaşlı Rob Reyner və 70 yaşlı həyat yoldaşı Mişel Reyner bazar günü Los-Ancelesin Brentvud rayonundakı evlərində boğazları kəsilmiş halda tapılıb. Hadisə ilə əlaqədar onların oğlu Nik Reyner saxlanılıb. Polis onun valideynlərini yataqda bıçaqlayaraq qətlə yetirdiyini ehtimal edir. İstintaq işi davam edir, hadisənin motivi hələlik açıqlanmayıb.