BAKI, 17 dekabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov deputatları nazirlərə təzyiq göstərməməyə və onlardan öz adamlarını vəzifəyə təyin etməyi tələb etməməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə parlamentin iclasında bildirib.
Prezident siyasi oyunlardan imtina etməyə və deputatları xalqın rifahı naminə işləməyə çağırıb.
“Sirr deyil ki, deputatlar fəaliyyətləri zamanı nazirlərdən bu və ya digər şəxsin vəzifəyə təyin olunmasını tələb edirlər. Mən bu praktikadan imtina etməyə çağırıram. Biz dövlət qulluğuna tanışlıq yolu ilə təyinat sistemindən tamamilə qurtulmaq istəyirik. Əgər sizin ixtisaslı kadrlarınız varsa, onların namizədliyini ehtiya kadrlara göndərin. Hazırda ehtiyatda 590 namizəd var. Bundan sonra dövlət qulluğuna təyinatlar yalnız müsabiqə yolu ilə və ədalətli şəkildə həyata keçiriləcək”, - deyə Sadır Japarov əlavə edib.
Qırğızıstan başçısı həmçinin deputatları nazirlərin parlamentin iclasında şəxsən iştirakını tələb etməməyə çağırıb:
“Mən özüm də parlament üzvü olmuşam, deputatların niyə nazirin özünü görmək istədiklərini bilirəm, amma bu barədə açıq danışmayacağam. Bəli, nazirin iştirakını tələb edən qanun layihələri var, amma müavinlərlə də işləmək olar. Mən tez-tez nazirlik və qurum rəhbərlərini işə dəvət edirəm, amma cavab olaraq eşidirəm ki, nazirlər həmişə parlamentdə olurlar. Onlara öz sahələrində işləmək imkanı verin”.