BAKI, 17 dekabr. TELEQRAF
Avstraliyanın Yeni Cənubi Uels ştatında Sidneydə baş verən terror aktından sonra etiraz aksiyalarına dair qanunvericiliyin sərtləşdirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə ştatın baş naziri Kris Minns Sidneydə jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hakimiyyət bölgədə partlayışa hazır vəziyyətin yaranmasının qarşısını almaq üçün etirazlarla bağlı qanunlara dəyişiklik etməyi nəzərdən keçirir. Minns qeyd edib ki, hazırkı şəraitdə Sidneydə keçiriləcək etiraz aksiyaları kütləvi iğtişaşlara və cəmiyyət üçün ağır nəticələrə səbəb ola bilər.
“Əgər bu gün Sidneydə etirazlar keçirilsəydi, bu, icmamız üçün son dərəcə ağır nəticələrə, kütləvi iğtişaşlara gətirib çıxara bilərdi. Xüsusilə beynəlxalq hadisələrlə bağlı aksiyalar cəmiyyəti parçalayır”, - baş nazir vurğulayıb.
Minns əlavə edib ki, hökumət polis komissarına terror təhlükəsi olduğu hallarda etiraz aksiyalarına icazə verilməsindən imtina etmək səlahiyyəti verən dəyişikliklər üzərində işləyir. Onun sözlərinə görə, bu tədbirlər hər hansı konkret qrupun hədəf alınması anlamına gəlmir və ümumi qayda kimi tətbiq olunacaq.
“Biz başa düşürük ki, insanların kiçik qruplar halında toplaşmasının qarşısını tam almaq mümkün deyil. Lakin küçələrin genişmiqyaslı aksiyalarla doldurulmasının və bunun cəmiyyətdə parçalanmaya yol açmasının qarşısını ala bilərik”, – deyə Minns qeyd edib.
Xatırladaq ki, 14 dekabrda Sidneydəki Bonday çimərliyi yaxınlığında yəhudi Hanuka bayramı ilə bağlı tədbir zamanı iki silahlı şəxs insanlara atəş açıb. Hadisə zamanı ərazidə mindən çox insan olub. Sonradan terror aktı kimi qiymətləndirilən hücum nəticəsində azı 15 nəfər həlak olub, 42 nəfər yaralanıb.