BAKI, 17 dekabr. TELEQRAF

Avropa Birliyi (AB) 2026-cı ildə Gürcüstana dövlət səviyyəsində maliyyə yardımı göstərməyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasından “İzvestiya”ya bildirilib.

Avropa Parlamentinin Avropa Xalq Partiyasından olan deputatı Tomas Zdexovski bildirib ki, yardımın dayandırılması ölkədə demokratik prinsiplərin geri çəkilməsi və hüquq üstünlüyünün pozulması ilə bağlı ciddi narahatlıqlarla əlaqədardır. Onun sözlərinə görə, 2024-cü il parlament seçkilərindən sonra Gürcüstanda insan hüquqları vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib və ölkə dərin siyasi böhran içindədir.

Zdexovski qeyd edib ki, bu, AB-nin Gürcüstana maliyyə yardımlarını tam dayandıracağı anlamına gəlmir, lakin siyasi dəyişikliklər baş verməsə, 2026-cı ildə dövlət səviyyəsində ciddi maliyyələşmə mümkün görünmür.

Qeyd edək ki, 28 noyabr 2024-cü ildə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası AB ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq və bütün büdcə qrantlarından imtina etmək qərarı qəbul edib.