BAKI, 17 dekabr. TELEQRAF
“2010-cu ildə parlament idarəetmə qurulanda istər təcrübə çatışmazlığı, istərsə də şəxsi mənfəət niyyəti ucbatında sui-istifadə imkanları açıldı, nəticədə siyasi korrupsiyanın miqyası xeyli artdı”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov parlamentin iclasında deyib.
“Partiya siyahısında ilk onluqdakı yerlər bir milyon dollara satılırdı. O vaxt Joqorku Keneşə (Parlament) daxil olan partiyalar öz aralarında razılaşaraq ölkəni faktiki olaraq üç partiya arasında bölmüşdülər. Çünki Konstitusiya məhz bu şəkildə qurulmuşdu. Vəzifələr danışıqlar mövzusuna çevrilmişdi. Hətta tanışlıqla diplomu olmayan insanlar da müxtəlif qurumların rəhbəri, akim (qubernator) və mer təyin edilirdi”, - o bildirib.
Sadır Japarov vəzifələrin böyük məbləğdə pula satıldığını və öz işini bilən və ölkəyə sadiq olan əsl peşəkarların gələcəyinə ciddi ziyan dəydiyini qeyd edib:
“Bunu heç vaxt gizlədə bilməyəcəyik, çünki bu, acı həqiqətdir. Siyasi korrupsiya kənd səviyyəsinə qədər batıb. Baş nazirdən tutmuş nazirlərə qədər hamı prezidentə yox, Joqorku Keneşdəki fraksiyalara hesabat verirdilər. Hər bir deputat faktiki olaraq bir prezident idi. Çünki hökuməti və nazirləri təyin edən deputatlar idi. Ölkə belə bir şəraitdə necə inkişaf edə bilərdi? Nəticədə, dövlətimiz on il ərzində fraksiya maraqlarının diktə etdiyi acı münaqişə və mübahisələr içində bataraq dayandı. Təəssüf ki, bu korrupsiyalaşmış sistem 2020-ci ilə (Sadır Japarov prezident olan) qədər çiçəkləndi. Nəticədə, bildiyiniz kimi, dövlətimiz az qala dağılacaqdı”.
Dövlət başçısı əlavə edib ki, o dövrdə hətta mütəşəkkil cinayətkar qrupların üzvləri də partiya siyahılarından deputat seçilmişdilər:
“Şəxsi maraqları naminə qanunlar yazan deputatlar var idi. Bəzi deputatlar xarici qurumların maraqlarına xidmət etmək üçün, digərləri isə yerli oliqarxlardan külli miqdarda pul alıblar və onların xeyrinə qanunlar yazıblar, sonra isə qəbul ediblər. Bu, siyasi korrupsiya idi”.