BAKI, 17 dekabr. TELEQRAF
ABŞ Avropa İttifaqının amerikalı şirkətlərə qarşı məhdudiyyətləri davam etdirməsi halında cavab addımları atacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.
"O, "X" sosial şəbəkəsində yazıb ki, Aİ və üzv dövlətlər ABŞ xidmət təminatçılarının rəqabət qabiliyyətini məhdudlaşdıran diskriminasiya tədbirlərində israr edərsə, Vaşinqton bütün mövcud alətlərdən istifadə etməyə məcbur qalacaq.
Qririn sözlərinə görə, ABŞ qanunvericiliyi zərurət yarandıqda xarici xidmətlərə rüsum və məhdudiyyətlər tətbiq etməyə imkan verir. O əlavə edib ki, ABŞ bu məsələdə Aİ-yə bənzər strategiya yürüdən digər ölkələrə qarşı da eyni yanaşmanı sərgiləyəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyası Aİ ilə ticarət razılaşmalarının növbəti mərhələsini həyata keçirməyi və tərəflər arasında məcburi yazılı saziş imzalamağı planlaşdırdığını açıqlamışdı. Ağ Ev amerikalı IT şirkətlərinə tətbiqi nəzərdə tutulan rəqəmsal xidmət vergiləri, ABŞ şirkətlərinə qarşı ayrı-seçkilik və dərman preparatlarının qiymətləri ilə bağlı məsələlərin hələ tam həll olunmadığını bildirib.