Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın BBC-yə qarşı qaldırdığı 10 milyard dollara yaxın məhkəmə iddiasının geri götürülməsi üçün ona müraciət etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Tramp *Panorama* proqramı ilə bağlı çıxışının təhrif edildiyini iddia edərək, BBC-ni reputasiya və maliyyə baxımından ciddi zərərə uğratmaqda günahlandırıb və iddianı irəli sürüb.

Qalmaqal BBC-nin 6 yanvar 2021-ci il – Kapitoliyə hücumlar günü Trampın çıxışından istifadə olunan kadrların montajı ilə bağlı daxili sənədin sızmasından sonra başlayıb. Hadisənin nəticəsi olaraq BBC-nin baş direktoru Tim Deyvi və xəbər departamentinin rəhbəri Debora Törness vəzifələrini itirib.

33 səhifəlik iddiada Trampın vəkilləri BBC-ni yalan, böhtan xarakterli, aldadıcı və qərəzli material yaymaqda ittiham ediblər. BBC isə daha əvvəl bildirib ki, proqram ABŞ-də yayımlanmadığı və Tramp 2024-cü il prezident seçkilərində qalib gəldiyi üçün onun reputasiyasına zərər dəyməsi mümkün deyil.

Qeyd olunur ki, Kir Starmer məsələ ilə bağlı Trampla birbaşa danışmayıb. Bununla belə, Böyük Britaniyanın səhiyyə naziri Stiven Kinnok BBC-nin mövqeyini müdafiə edərək, qurumun iddialar qarşısında möhkəm dayanmalı olduğunu deyib.

Baş nazirin rəsmi nümayəndəsi isə hökumətin müstəqil və güclü BBC-ni dəstəklədiyini, lakin qurumun səhvlərini vaxtında düzəltməsinin vacibliyini vurğulayıb.