Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəsmiləri ilə razılaşdırılan və Rusiyaya qarşı müharibəni dayandırmağa yönəlmiş sülh təkliflərinin yaxın günlərdə yekunlaşdırıla biləcəyini bildirib.
Teleqraf "The Guardian"a istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, sənədlər tamamlandıqdan sonra amerikalı emissarlar onları Kremlə təqdim edəcəklər. Berlində iki gün davam edən danışıqlardan sonra ABŞ tərəfi Ukrayna ilə Rusiya arasında çətin məsələlərin 90 faizinin həll edildiyini açıqlayıb.
Zelenski qeyd edib ki, Rusiya təklifləri rədd edərsə, Ukrayna ABŞ-dən daha çox silah və Moskvaya qarşı əlavə sanksiyalar tələb etməyi ədalətli sayacaq. O bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin bir hissəsinin ABŞ Konqresi tərəfindən səsə qoyularaq hüquqi qüvvə alması gözlənilir və bu zəmanətlər NATO-nun 5-ci maddəsinə bənzər olacaq.
Prezident Donbas məsələsində Rusiyanın mövqeyinin dəyişmədiyini vurğulayıb:
“Onlar Donbası istəyir, biz isə Donbası vermək istəmirik”. Zelenskinin sözlərinə görə, ABŞ kompromis olaraq Donbasda “azad iqtisadi zona” ideyasını təklif edir, lakin bu, Rusiyanın nə de-yure, nə də de-fakto nəzarəti anlamına gələ bilməz.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya hələlik təhlükəsizlik zəmanətləri ilə bağlı konkret sənədləri görməyib və mövqeyi dəyişməz olaraq qalır. Moskva daha əvvəl Ukraynada NATO ölkələrinin hərbçilərinin yerləşdirilməsini qəti şəkildə rədd edib.
Qeyd edək ki, Avropa ölkələrinin bir qismi Ukraynaya dəstək məqsədilə “istəklilər koalisiyası” çərçivəsində hərbi yardım imkanlarını müzakirə etsə də, Rusiya Prezidenti Vladimir Putinin kompromisə hazır olduğuna dair hələlik heç bir əlamət yoxdur.