BAKI, 17 dekabr. TELEQRAF

Tanınmış bədii qiraətçi, əməkdar artist Nadir Hüseynov vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə sənət dostları sosial şəbəkədə yazıblar.

Qeyd edək ki, Nadir Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra bir müddət Lənkəran Dövlət Teatrında işləyib. 1977-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris teatrında aktyor işləyib, sonra isə “Səhnə danışığı” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.

N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlərdə aparıcı olub. Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında “Ozan” folklor toplusu verilişinin aparıcı olub.

O bir mütəxəssis müəllim kimi uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edir. Ölkənin tanınmış sənət xadimlərinin müəllimi olub.