Venesuela ABŞ-dən ələ keçirilmiş neft tankerinin ekipajının dərhal azad edilməsini, müsadirə olunan neftin geri qaytarılmasını və Vaşinqtonun qanuni neft ticarətinə müdaxiləyə son qoymasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Bolivar Respublikası Venesuelanın xarici işlər naziri İvan Hil Pintonun BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı və "Telegram" kanalında dərc olunan məktubunda bildirilib.

“Venesuela hökuməti Amerika Birləşmiş Ştatları hökumətindən oğurlanmış ekipajın dərhal və qeyd-şərtsiz azad edilməsini, açıq dənizdə qanunsuz şəkildə müsadirə edilmiş Venesuela neftinin geri qaytarılmasını, eləcə də Venesuela neftinin qanuni ticarətinə qarşı hər hansı güc tətbiqinə və ya müdaxiləyə son qoyulmasını tələb edir”, - deyə nazir vurğulayıb.

Hil Pinto BMT Təhlükəsizlik Şurasını dövlət tərəfindən təşviq edilən “piratçılıq aktını”, özəl gəmiyə qarşı qanunsuz hərbi güc tətbiqini və beynəlxalq ticarətin predmeti olan yükün oğurlanmasını açıq şəkildə pisləməyə çağırıb.

Nazir Karib dənizinin beynəlxalq sularında ABŞ Silahlı Qüvvələri tərəfindən neft tankerinin ələ keçirilməsini dövlət piratçılığı aktı və ABŞ-yə məxsus olmayan aktivlərin açıq-aşkar talanı adlandırıb. O, Venesuelanın öz resurslarının qanuni ticarəti üzrə suveren və ayrılmaz hüquqlarını bundan sonra da həyata keçirəcəyini və bu əməliyyatların talan, ələ keçirmə və piratçılıq aktlarına məruz qalmamasını tələb edəcəyini qeyd edib.