BAKI, 17 dekabr. TELEQRAF

Serbiya ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Belqradda "Trump Tower" otelinin tikintisi layihəsindən imtina etməsi səbəbindən təxminən 750 milyon avro həcmində potensial investisiyanı itirib.

Teleqraf xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Politika" qəzetinə açıqlamasında deyib. Dövlət başçısı sövdələşmənin baş tutmamasında rolu olan şəxslərə qarşı cinayət işi başlanmasını şəxsən təşəbbüs edəcəyini bildirib.

“Polis, prokurorluq və bu layihənin pozulmasına, eləcə də ölkənin iqtisadi zərər görməsinə töhfə verən digər şəxslər barəsində ittihamlar irəli sürüləcək”, – deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" Cared Kuşnerin Belqradda Yuqoslaviya Baş Qərargahının dağıdılmış binasının yerində otel tikintisi ideyasından imtina etdiyini yazmışdı.