BAKI, 17 dekabr. TELEQRAF
ABŞ və Avropa İttifaqının (Aİ) nümayəndələri Berlində Kiyevə təhlükəsizlik zəmanətləri ilə bağlı iki sənədi təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, sənədlərdə diplomatik danışıqlar nəticəsində razılaşdırılmış əsas məqamlar arasında Ukrayna Silahlı Qüvvələrinin sayının sülh vaxtında 900 min nəfərdən 800 min nəfərə endirilməsi və Ukrayna ordusunun ABŞ və Aİ-nin dəstəyi ilə gücləndirilməsi göstərilib.
Həmçinin, sənədlərdə bildirilib ki, Avropa ölkələrinin Ukraynada yerləşdiriləcək kontingenti ölkənin qərb hissəsində, Rusiyaya sərhəddən uzaqda yerləşdiriləcək. Həmin ölkələrin hansı olacağı barədə məlumat hələ açıqlanmayıb, yalnız daha sonra fərdi qaydada bildirilməsi planlaşdırılır.
Əlavə edilib ki, ABŞ Ukraynada qoşun yerləşdirməyəcək, bunun əvəzinə Vaşinqton atəşkəsi izləmək üçün kəşfiyyat xidmətlərindən istifadə edəcək.