BAKI, 17 aprel. TELEQRAF

2021-ci ildən etibarən Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə xüsusi nümayəndələr təyin ediblər.

Teleqraf xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib.

“Türkiyə tərəfindən Serdar Kılıç, Ermənistan tərəfindən isə Ruben Rubinyan bu prosesə cəlb olunub. Paralel olaraq iki ölkənin Xarici İşlər Nazirlikləri də bu prosesdə fəal iştirak edirlər. İki ölkə arasında kifayət qədər intensiv təmaslar mövcuddur. Bu yalnız nazir və xüsusi nümayəndələrlə məhdudlaşmır -zaman keçdikcə digər aidiyyəti qurumlar da bu prosesə qoşulublar”, - Mirzoyan vurğulayıb.

Nazir qeyd edib ki, yalnız yük daşımaları ilə bağlı deyil, digər texniki məsələlər üzrə də qarşılıqlı müzakirələr aparılır.

Onun sözlərinə görə, Ermənistan tərəfi Marqara sərhəd-keçid məntəqəsindəki infrastrukturun öz hissəsini artıq yenidən qurub: “Bu, onu göstərir ki, proses davam edir, danışıqlar gedir və biz Türkiyə tərəfi ilə olduqca intensiv və normal dialoq şəraitindəyik”.

Bununla belə, nazir bildirib ki, Ermənistan ilə Türkiyə arasında tam normallaşma, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması hələ baş verməyib. O vurğulayıb ki, bu vəziyyət Ermənistan-Azərbaycan normallaşması ilə də sıx şəkildə əlaqəlidir.