BAKI, 14 aprel. TELEQRAF

Əlcəzair Fransa ilə diplomatik gərginlik fonunda 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, Əlcəzair hakimiyyəti Fransa hökumətinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib. Söhbət Fransanın Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik işçilərdən gedir.

Fransalı nazir bildirib ki, bu addım Fransada üç əlcəzairli vətəndaşın saxlanmasına cavab olaraq atılıb. Həmin şəxslər Fransanın ərazisində qanun pozuntusunda şübhəli bilinir və onlar aprelin 11-də saxlanılıblar.

Barro qeyd edib ki, Əlcəzairin bu addımı cavabsız qalmayacaq.

Xatırladaq ki, 2024-cü il iyul ayında Fransa hökumətinin Qərbi Saxaraya muxtariyyət verilməsi ilə bağlı Mərakeşin planını yeganə həll yolu kimi tanıması səbəbilə Əlcəzair öz səfirini Parisdən geri çağırıb.

Əlcəzair uzun illərdir Saxara xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir.

2025-ci il aprelin 6-da isə Jan-Noel Barro Əlcəzair Prezidenti Əbdülməcid Tebbunla görüşdən sonra bildirmişdi ki, iki ölkə arasındakı uzunmüddətli böhrandan sonra Paris və Əlcəzair münasibətləri yeni mərhələyə keçirmək və əməkdaşlığı bərpa etmək niyyətindədir.