
BAKI, 30 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Finlandiya Prezidenti Aleksander Stubb arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz sosial şəbəkə hesabında yazıb.
Onlar ABŞ Prezidentinin Floridada yerləşən "Trump International" klubunda görüşüb və qolf oynayıblar.
D.Tramp qeyd edib ki, o və Stubb əfsanəvi qolfçu Heri Pleyer, senator Lindsi Qrem və keçmiş konqresmen Trey Qaudinin də iştirak etdiyi turnirdə qalib gəlib.
D.Tramp finlandiyalı həmkarı haqqında deyib: "O, çox yaxşı oyunçudur".
Prezident görüş zamanı ABŞ-nin buzqıran gəmilər almaq imkanlarını müzakirə edib.
Amerika lideri yazıb: “Prezident Stubb və mən Amerika Birləşmiş Ştatları ilə Finlandiya arasında tərəfdaşlığın gücləndirilməsindən, o cümlədən Amerikanın çox ehtiyac duyduğu buzqıran gəmilərinin alınmasından danışdıq”.
ABŞ Prezidenti vurğulayıb ki, Amerikanın beynəlxalq təhlükəsizliyini təmin edəcək yeni buzqıran gəmilərə ehtiyacı var. O, həmçinin Vaşinqton və Helsinki arasında tərəfdaşlığı gücləndirmək istəyini qeyd edib.