BAKI, 17 mart. TELEQRAF

Rusiya Ukraynanın neytral statusu və onu NATO-ya qəbul etməkdən imtinası da daxil olmaqla, sülh müqaviləsinin bağlanması üçün təhlükəsizlik zəmanəti tələb edəcək.

Teleqraf xəbər verir ki, bu barədə federasiyanın Xarici işlər nazirinin müavini Aleksandr Qruşko məlumat verib.

O bildirib: "Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən danışsaq, təbii ki, bunun zahiri konturları olacaq. Biz tələb edəcəyik ki, dəmirdən də möhkəm təhlükəsizlik təminatları bu sazişin tərkib hissəsinə çevrilsin. Çünki yalnız onların formalaşdırılması ilə Ukraynada uzunmüddətli sülh yaratmaq və ümumilikdə regional təhlükəsizliyi gücləndirmək mümkün olacaq. Bu təminatların bir hissəsi Ukraynanın neytral statusu olması və bütün ölkələrin onu NATO üzvü kimi görməkdən imtina etməsidir".

Qruşko izah edib ki, Rusiyanın 2021-ci ildə irəli sürdüyü təhlükəsizlik zəmanətləri haqqında saziş layihəsində “məhz bu müddəa qeyd olunub”: "2021-ci ildə Rusiya Federasiyası iki təşəbbüs irəli sürüb. Biri ABŞ-a, digəri isə NATO ölkələrinə ünvanlanıb. Lakin onlar dəstəklənməyib. Biz anladıq ki, tərəfdaşlarımız mahiyyəti üzrə dialoqa hazır deyillər. Məlum oldu ki, alyansın hərbi quruculuq xarakteri və ABŞ-nin hərbi hazırlıqları daha çox Rusiya üzərindən qələbə çalmaq məqsədi daşıyırdı. Özü də döyüş meydanı, Rusiya əleyhinə hərbi əməliyyatlar tamaşası üçün Ukrayna seçilmişdi".