
TOVUZ. 17 mart. TELEQRAF
“Tovuz səfəri hər bir komanda üçün çətin olur. Qələbə üçün gəlmişdik, lazım olan nəticə ilə qayıdırıq”.
Bu sözləri “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə səfərdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra Teleqraf-a açıqlamasında deyib.
24 yaşlı yarımmüdafiəçi özlərində güc taparaq, çətin durumdan çıxdıqlarını bildirib: “Premyer Liqada qalmağı hələ heç kim təmin etməyib. 11 oyunluq "qara zolağ"a düşmüşdük. Özümüzdə güc tapdıq və çətin durumdan çıxa bildik. Baş məşqçi Vaqif Cavadov “Turan Tovuz”un standart vəziyyətlərdə təhlükəli olduğunu demişdi. Öncədən hazırlaşmışdıq. Qələbə komandaya motivasiya verir, işlər düzəlir”.
Səbuhi Abdullazadə Azərbaycan millisinə dəvət alsa da, “Səbail”də çıxış edən əmisioğlu Rüfət Abdullazadə yığmanın qarşıdakı yoldaşlıq görüşlərinə çağırılmayıb. "Sumqayıt"ın futbolçusu millinin baş məşqçisi Fernandu Santuşun bu qərarını belə şərh edib: "Tək Rüfət yox, hər kəs milliyə çağırılmaq istəyir. Qərar baş məşqçi Fernandu Santuşundur, bu dəfə olmadı, gələn səfər olar. Yığmada oynamaq hamının istəyidir. Əvvəlki toplanışlarda çağırılsam da, oynamaq şansım olmayıb. Ən azından Sumqayıtda, öz şəhərimdə oynamaq, formanı tərlətmək istəyirəm”.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə, martın 25-də isə "Bank Respublika Arena"da Belarusla yoldaşlıq görüşü keçirəcək.