“Azadlıq”ın buxovları, Amerikanın olmayan “səs” – Tramp anti-Azərbaycan şəbəkəni sıradan çıxarır

ABŞ Prezidenti Donald Tramp Qlobal Media Agentliyinin fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalayıb. Bu, agentliyinin koordinasiya etdiyi “Azad Avropa/Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarının maliyyələsinin kəsilməsi deməkdir. Artıq hər iki radionun işçiləri inzibati məzuniyyətə göndərilib, redaksiyaların qapılarına qıfıllar vurulur.

Trampın bu addımı xüsusilə ABŞ-də demokratlar qanadı və onların dünyadakı tərəfdarları tərəfindən birmənalı qarşılanmır. Onlar hesab edirlər ki, bu, ABŞ-nin qlobal siyasətdə mövqeyini zəiflədəcək və müstəqil informasiya axınına mənfi təsir göstərəcək. Birinci yanaşma doğru, ikinci yanaşma yanlışdır. Həm “Azadlıq radiosu”, həm də “Amerikanın səsi” müstəqil deyil, ABŞ-nin müxtəlif ölkələrin daxili işlərinə müdaxilə siyasətinə uyğun informasiya axınını təşkil edib. Həmin resursları koordinasiya edən Qlobal Media Agentliyinin ABŞ hökuməti tərəfindən maliyyələşməsi də bunu təsdiq edir. Media resurslarının əsas hədəfi ABŞ-nin qlobal təsirini yaymaq olub. Hərçənd, ABŞ Prezidenti Donald Trampın hər iki radionun maliyyəsini kəsməsi sual yaradır: Vaşinqton qlobal təsir imkanlarından niyə imtina edir?

Bunun iki aydın səbəbi var.

1. “Azadlıq radiosu” və “Amerikanın səsi”nin maliyyəsi Tramp administrasiyasının büdcə gəlirlərinə qənaət edilməsi siyasətinə əsasən dayandırılıb;

2. Hər iki media resursu ABŞ-nin milli maraqlarından daha çox, USAİD-in də xidmət etdiyi qlobal şəbəkələrin maraqlarına uyğun fəaliyyəti ilə seçilir və müxtəlif ölkələrin daxili işlərinə müdaxilə siyasətində əsas alətlərdən biridir;

USAİD-in bağlanması qərarını verən Tramp eyni missiyanı yerinə yetirən – informasiya təminatı adı altında ölkələrin daxili işlərinə müdaxilə edən və dünyanın müxtəlif coğrafiyalarında ABŞ-ni digər ölkələrlə üz-üzə qoyan media resurslarının da fəaliyyətini məhdudlaşdırır.

“Amerikanın səsi” İkinci dünya müharibəsinin gedişində, “Azadlıq radiosu” isə müharibədən dərhal sonra fəaliyyətə başlayıb. Müharibədən sonra hər iki radiostansiyanın missiyası kommunizmə qarşı mübarizədə informasiya kampaniyasını həyata keçirmək idi və hər iki resurs ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən maliyyələşirdi. 1970-ci illərdə “Azadlıq radiosu”nun CİA ilə əlaqələri ifşa edildən sonra bu və eyni missiyanı yerinə yetirən digər media resursları yeni yaradılan Qlobal Media Agentliyinin çətiri altına toplandı. Agentliyinin yaradılmasında məqsəd də məhz “Azadlıq radiosu”, “Amerikanın səsi” kimi resursların CİA ilə əlaqələrini və onların gizli missiyalarını pərdələmək idi. “Soyuq müharibə” dövründə hər iki radiostansiya missiyalarını uğurla həyata keçirdilər. SSRİ-nin dağılması və kommunizmin sıradan çıxmasından sonra bu media resurslarının önündə yeni çağırışlar peyda oldu: alternativ informasiya adı altında hədəf seçilən ölkələrin daxili işlərinə müdaxilə etmək.

“Ərəb baharı”nın təşkilində “Azadlıq radiosu” və “Amerikanın səsi”nin ciddi rol oynadığına dair faktlar var. Yaxın Şərqi qan çanağına çevirən bu inqilab ssenarilərinin təşkilində sosial şəbəkələr də geniş rol oynadı. Məhz “Azadlıq radiosu”nu “ərəb baharı” prosesinin başlanmasından aylar öncə Yaxın Şərq ölkələrində gənclər arasında sosial şəbəkələrlə bağlı seminarlar təşkil etməsi təsadüfi deyildi. Yaxud postsovet məkanındakı “rəngli inqilab”larda – Qırğızıstandan Ukraynaya qədər uzanan coğrafiyada baş verənlərdə bu media resurslarının birbaşa, yaxud dolayısı ilə iştirakına dair yetərincə faktlar var. İnqilabların təşkilində, ümumiyyətlə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə siyasətində bu media resursları informasiya axınını bir neçə istiqamətdə qururlar:

1. Məlumat axınını neqativ məqamlar üzərində kökləyir;
2. Birtərəfli şəkildə yalnız neqativ məlumatları tirajlayır;
3. Dezinformasiyaların yaradılması və yayılmasını təmin edir;
4. Müxtəlif ölkələrdə jurnalistlərin ələ alınması və casusluq fəaliyyətinə sövq edilməsinə imkan yaradır və s.

“Azadlıq radiosu”nun keçmiş prezidenti Jeff Gedman “The Boston Globe” nəşrində çap olunan məqaləsində yazırdı ki, Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir: “Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin ələ alınması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər”.

Azərbaycan “Azadlıq radiosu” və “Amerikanın səsi”nin ən çox qərəzli informasiya hücumuna məruz qalan ölkələrdən olub. Prezident İlham Əliyev də ötən ilin dekabrında Rusiya mediasına müsahibəsində “Amerikanın səsi” və “Azadlıq radiosu”nun Azərbaycana qarşı qarayaxma kampaniyasında əlaltı kimi istifadə edildiyini vurğulamışdı.

“Onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, - dövlət başçısı xarici müdaxilə cəhdlərindən bəhs edərkən bildirmişdi.

Bu media resursları təkcə Azərbaycanın daxili işlərinə qarışmır, həm də Qarabağın işğalı dövründə, 44 günlük müharibə və ondan sonra Ermənistanın maraqlarının müdafiəsini təşkil edirdilər. 2003-cü ilə qədər “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin rəhbəri olmuş mərhum Mirzə Xəzərin etirafları bu kontekstdə xüsusilə diqqətçəkəndir.

“2000-2003-cü illərdə “Azad Avropa və Azadlıq” radiolarının rəhbərliyi “Azadlıq radiosu”nun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, “Cənubi Azərbaycan” kəlməsindən istifadə etmək olmaz, "erməni işğalçıları" təbirini işlətmək olmazdı”, - M.Xəzər məhz buna görə radiodan uzaqlaşdığını bildirirdi.

Radionun keçmiş əməkdaşlarının müxtəlif zamanlarda açıqladığı faktlar da bu media resursunun Azərbaycana qarşı siyasətinin mahiyyətini ortaya çıxarır.

- Hər şey bir nəfərin iradəsindən asılı olub və informasiya yayımında peşəkarlıq yox, göstərişlər rol oynayıb;
- Radio Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əngəllənməsindən tutmuş ABŞ-Azərbaycan münasibətlərinin pozulması cəhdlərinə qədər müxtəlif siyasi aksiyalarda iştirak edib;

Bu faktlar fonunda “Azadlıq radiosu” və “Amerikanın səsi”nin Azərbaycan və erməni xidmətlərinin müqayisəsi dəhşətli mənzərəni ortaya çıxır. Hər iki media resursunun erməni xidmətində daim Qarabağın işğalına haqq qazandırmaqdan tutmuş Azərbaycana qarşı bütün fəaliyyətlərin dəstəklənməsinə qədər geniş təbliğat xətti əsas götürülüb. Hətta bu gün belə erməni xidmətləri Qarabağdan İrəvana qaçmış separatçılara informasiya dəstəyi verir, Azərbaycana qarşı revanşizmi körükləyir. Azərbaycan xidmətlərinin fəaliyyəti isə “peşəkar jurnalistika” adı altında erməni işğalının sətiraltı təbliğatı üzərində qurulub, bir çox hallarda bu təbliğat açıq müstəvidə də aparılıb. Bununla bağlı konket nümunələr mövcuddur.

2020-ci ilin 12 iyul tarixi: Ermənistanın Tovuz istiqamətində təxribat hücumu;

Təxribat hücumu və sonra baş verənlərdə “Azadlıq radiosu” və “Amerikanın səsi” informasiya təbliğatını erməni maraqlarına uyğun aparırdı. Hər iki media resursu “obyektivlik” adı altında Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanı ittiham edən açıqlamasını tirajladı.

Daha sonra ABŞ başda olmaqla müxtəlif Qərb ölkələrində daşnakların azərbaycanlılara qarşı hücumlarını “Azərbaycanın aqressiyası” kimi təqdim edirdilər. “Amerikanın səsi” Los-Ancelesdə 3 min erməninin 50 azərbaycanlıya hücumu haqda yazır: “Rəsmi Bakı etiraz aksiyasının “radikal erməni daşnakları” tərəfindən təşkil olunduğunu və azərbaycanlı nümayişçilərə qarşı “zorakılıq və aqressiya” nümayiş etdirildiyini bildirərək, ABŞ-ın Azərbaycandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb”. Ardınca Amerikanın Erməni Milli Komitəsinin təmsilçisi Aleks Qalitskinin rəsmi Bakının açıqlamasını təkzib edən mövqeyinə yer verilirdi.

Tovuz təxribatından sonra iyulun 14-də paytaxtda keçirilən “Qarabağ yürüşü” bu radiolar tərəfindən erməni təbliğatına uyğun olaraq, “azərbaycanlılar müharibə istəmir” formasında təqdim olunurdu. Misal üçün, “Amerikanın səsi” “Freedom House” təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendtin “Qarabağ yürüşü”nün hökumətə etiraz olduğu, hökumətin “rezin güllələrdən, su şırnağından istifadə edərək, aksiyanı dağıtdığı” iddialarının yer aldığı müsahibəsini tirajlayırdı.

2020-ci ildəki 44 günlük müharibə: “Azadlıq radiosu” və “Amerikanın səsi” döyüşlərlə bağlı “obyektivlik” adı altında Ermənistan tərəfinin iddialarını həvəslə tirajlayırdı. “Azadlıq radiosu”nun tapdığı Rizvan Bədəlov adlı şəxsin dilində ordumuza qarşı ermənilərlə analoji təbliğat aparması da unudulmayıb. Müharibədən sonra isə bu media resursları azad olunmuş ərazilərə qayıdışın əleyhinə kampaniya aparması ilə yadda qaldı. Misal üçün, “Azadlıq radiosu” qayıdışla bağlı hazırladığı reportajları neqativ məqamlar üzərində qurur, geri qayıtmağın mənasız olduğu fikrini aşılayırdı. Eyni təbliğatı Ermənistan mediası və “Azadlığ”ın erməni xidməti də həyata keçirirdi. 2020-ci ildən 2023-cü ilə qədərki dövrdə bu radioların informasiya axınında Qarabağdakı separatçıların müdafiəsi təbliğatı xüsusi prioritetlərdən idi.

Amerikalı jurnalist, “The Jerusalem Post” və “Baltimore Jewish Times” qəzetlərinin keçmiş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffinin (Maayan Jaffe) bu fikirləri də “Azadlıq radiosu” və “Amerikanın səsi”nin anti-Azərbaycan təbliğatını çılpaqlığı ilə ifşa edir.

M. Yaffi Konqresin nəşrində - “Roll Call”da dərc olunan məqaləsində yazırdı: “Azadlıq” və “Amerikanın səsi” radiostansiyaları üçün xərclənən illik vəsait 750 milyon dollardır. Lakin bu vəsaitin qarşısında bu media qurumları qeyri-obyektiv informasiya verirlər. Onlar daxili və regional problemlərin obyektiv analizi və müzakirəsi, eləcə də demokratikləşməyə dəstək əvəzinə, bu dəyərləri müdafiə edən dövlətlərə hücumlar edirlər. Misal üçün, Azərbaycanı götürək. Biz bu ölkə haqda nə bilirik? Dözümlü cəmiyyət yaratmaq Azərbaycan siyasətinin prioritetlərindəndir. Bu ölkənin Təhsil Nazirliyi təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əcnəbi təşkilatlarla məhsuldar əməkdaşlıq qurur. Qlobal biznesə şəffaflıq gətirmək üçün Ekstrakt Sənayelərin Şəffaflığı proqramına ilk qoşulan ölkələrdən biridir. Buradakı Dövlət Neft Fondu milli gəlirin qorunmasında dünyada ən yaxşı nümunələrdən biri hesab olunur. 11 sentyabr hadisələrində ABŞ-yə qeyd-şərtsiz kömək təklif etmiş, Kosovaya, İraqa və Əfqanıstana sülhməramlı göndərmiş, Əfqanıstan əməliyyatlarında Amerikanın sübut olunmuş dostudur. Qərbə açıq ölkədir. Azərbaycanda insanlar bu gün daha yaxşı yaşayırlar, 20 il əvvəl belə deyildi. Sorğular göstərir ki, bu insanlar sabah bundan da yaxşı yaşayacaqlarına inanırlar. “Azadlıq” radiosu isə bu ölkədəki vəziyyəti tamamilə əks-rakursdan nümayiş etdirir. Məqalələrin heç birində Azərbaycanın bir müvəffəqiyyət belə işıqlandırılmır”.

Həqiqət zamandan asılı olmayaraq, mütləq gün üzünə çıxır. Bu media resurslarının gerçək fəaliyyəti və gizli missiyaları sirr deyildi, lakin artıq ABŞ-də da bunu görür və qarşısını alırlar. Trampın qərarının təkcə ABŞ-nin beynəlxalq nüfuzunun bərpa edilməsinə yox, həm də ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirləri olacaq, çünki bu münasibətləri pozmağa cəhd edən şəbəkələr sıradan çıxarılır.

Asif Nərimanlı